APA
Kəmalə Quliyeva
26 may 2009
Seminarda çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib ki, aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə zamanı telekanalların fəaliyyəti ilə bağlı yaranan problemlər belə tövsiyələrin hazırlanmasını vacib edib: "Son dövrlər təkcə Azərbaycanda deyil, bütün dünyada aqressiv meyllər çoxalıb. Efirdə aqressiyanın ifadə olunması, terror, intihar, qəzaların tez-tez verilməsi, qəddar və zorakılıq olan bədii filmlərin göstərilməsi insanların psixikasına təsir edib. Buna görə də MTRŞ uşaq və yeniyetmələrin əqli inkişafına ziyan vuran hallarla bağlı xüsusi qaydalar qəbul edib. Saat 11-dək bu tipli verilişləri və filmləri göstərmək olmaz".
Şura sədrinin sözlərinə görə, ekstremal situasiyalarda telekanallar öz məsuliyyətlərini dərk etməlidirlər: "Çox təəssüf ki, Azərbaycanda telekanallar Neft Akademiyasında baş vermiş qanlı hadisəyə operativ reaksiya verə bilmədilər. Biz bu hadisə ilə bağlı xarici xəbər kanallarından məlumat aldıq. İnformasiyanın gec verilməsi bizim üçün nöqsan sayıla bilər. Xüsusən də qeyri-dəqiq informasiyaların verilməsi, görüntülərin qanla müşayiət olunması yolverilməzi idi".
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev isə bildirib ki, KİV-lərdə obyektivlik, qərəzsizlik, balanslılıq və dəqiqlik tələb olunur: "Aprelin 30-da belə faciənin baş verməsi gözlənilməz idi. Həm ictimaiyyəti, həm də mətbuatı sarsıdan bir fakt idi. Buna görə də elektron medianın operativlik nümayiş etdirməməsinə haradasa bəraət qazandırmaq olar".
Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli isə bildirib ki, hadisə ilə bağlı rəsmi məlumatlar səkkiz saat sonra yayılıb: "Bu isə müxtəlif mətbuat orqanlarında müxtəlif xəbərlərin getməsinə səbəb olub". Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli isə bildirib ki, Azərbaycan telekanallarının xəbər redaksiyaları hələ də ekstremal vəziyyətlərə hazır deyillər: "Çünki kanalların bu günə qədər də rəhbər qaydaları yoxdur".
|