Azərbaycanda rəqəmli TV yayım

  • Azərbaycanda rəqəmli TV yayım

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 274S saylı 13.09.2006-cı il tarixli Sərəncamına əsasən, ölkə ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilmişdir.  Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı ilə “Azərbaycan  Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı” təsdiq edilmişdir.

    Azərbaycanda ilk dəfə rəqəmli TV verici Bakı şəhərində 2004-cu ildə quraşdırılmışdır. O vaxt bu verici vasitəsilə MPEG-2 standartında 4 TV proqramın yayımı test edilirdi. 2008-ci ildə isə Bakı şəhərində MPEG-4 standartlı TV yayımın test işlərinə başlandı. Artıq, 2009-cu ildə Bakı şəhəri və ətraf ərazilərdə MPEG-4 standartla 12 TV proqramın yayımı həyata keçirilməyə başladı. Həmin il artıq, əhalinin 35%-i rəqəmli TV-ni qəbul etmək imkanına malik oldu. 2010-cu ildə ölkə ərazisində rəqəmli TV yayım şəbəkəsi genişləndirilərək Bakı şəhəri ilə yanaşı Gəncə, Şirvan və respublikanın cənub bölgəsində yayıma başlanıldı ki, bu da ölkə əhalisinin 55%-nin rəqəmli TV ilə əhatə edilməsini təmin etdi. 2011-ci ildə isə qarşıya qoyulan əsas məsələ ilin sonuna kimi ölkə əhalisinin 85%-nin rəqəmli yayımla təmin edilməsi idi ki, bu məqsədlə, respublikanın əlavə olaraq 28 TV stansiyasında müxtəlif güclü TV vericilər quraşdırılmışdır.

    Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə əsasən, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən 27 sentyabr 2016-cı il tarixli, 10 saylı qərar çıxarılmış və icra edilmişdir.

    Bununla da, ölkə ərazisində analoq TV yayım dayandırılmaqla, DVB-T standartlı rəqəmli TV yayıma keçid tam başa çatdırılmışdır. Hazırda, ölkə əhalisinin təxminən 99,7%-i açıq paketli 12 TV proqramdan ibarət (AzTV, İTV, İdman TV, Mədəniyyət TV, Lider TV, ATV, Space TV, Xəzər TV, ARB TV, Real TV və TRT1) rəqəmli yayımla əhatə edilmişdir.

Yuxarı ^