-
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 20 aprel 2020-ci il tarixli 04/1 saylı qərarı
Bakı şəhəri
20 aprel 2020-ci il
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “ARB” televiziyasının efirində yayımlanan “Elgizlə izlə” verilişində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.3-cü, 23.1-ci, 39.6-cı maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq QƏRARA ALIR:
1. “ARB” telekanalının efirində 21 aprel 2020-ci il tarixdə proqramların yayımı 6 saatlıq müddətədək (saat 10:00-dan saat 16:00-dək) dayandırılsın.
2. “ARB” telekanalı, ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı (mətn əlavə olunur) Şura tərəfindən müəyyən edilmiş vaxt ərzində (saat 10:00-dan 16:00-dək) özünün efirində yayımlamalıdır.
3. Qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində qərardan Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.
İsmət Səttarov
Sədr
Ekranda yayımlanmalı mətn:
18 aprel 2020-ci il tarixdə saat 14.00 – 16.00 arası ARB televiziya kanalında yayımlanan “Elgizlə izlə” proqramında ekspert tərəfindən nalayiq ifadələrin işlənilməsinin qarşısının alınmaması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11.5.3-cü maddəsinin tələbləri pozulmuşdur. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən Milli Televiziya və Radio Şurasının 20 aprel 2020-ci il tarixli 4/1 nömrəli qərarı ilə ARB televiziya kanalının yayımı 21 aprel 2020-ci il tarixdə saat 10.00-dan 16.00-dək 6 (altı) saatlıq dayandırılmışdır.