• Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə HESABATI

    Ümumi məlumat

    2020-ci ilin əvvəlindən Milli Televiziya və Radio Şurası Nuşirəvan Məhərrəmov, Aslan Xəlilov, Mübariz Elyazov, Məmməd Cəfərov, Bəxtiyar Balakişiyev və Telli Əliyevadan ibarət tərkibdə fəaliyyət göstərməyə davam etmişdir. 4 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İsmət Rəcəb oğlu Səttarov 6 il müddətinə  Milli Televiziya və Radio Şurasının üzvü təyin olunmuşdur. 6 aprel 2020-ci il tarixdə Milli Televiziya və Radio Şurasının iclasında Nuşirəvan Məhərrəmov Şuranın sədri vəzifəsindən öz istəyi ilə azad olunmuşdur. Həmin iclasda İsmət Səttarov Şura üzvlərinin yekdil səsi ilə Milli Televiziya və Radio Şurasının sədri seçilmişdir.

    Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsi, Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi, Maliyyə və texniki nəzarət şöbəsi, Təsərrüfat şöbəsi, Ümumi sektoru Milli Televiziya və Radio Şurasının funksiyalarının yerinə yetirilməsində öz vəzifələrini icra etmişdir.

    İl ərzində Şuranın 13 iclası keçirilmiş, ümumilikdə 30-dan çox məsələyə baxılmış, 24 məsələ barədə qərar qəbul olunmuşdur.

    Hazırda Azərbaycan Respublikası ərazisində televiziya və radio yayımı sahəsində ümumilikdə 94 yayımçı və operator fəaliyyət göstərir: 12 ümumrespublika televiziya yayımçısı; 12 regional televiziya yayımçısı; 16 radio yayımçısı; 3 peyk televiziya yayımçısı; 17 kabel şəbəkəsi operatoru; 32 İPTV operatoru; 2 xarici televiziya kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımını həyata keçirən operator.

    2020-ci ilin birinci yarısında Milli Televiziya və Radio Şurası "Azərbaycanda audiovizual industriyanın hazırki vəziyyəti; proqnozlar və vəzifələr" adlı araşdırma həyata keçirmiş, bu barədə məlumatı mətbuatda və özünün rəsmi internet səhifəsində dərc etmişdir.

    Milli Televiziya və Radio Şurasının rəsmiləri televiziya və radio yayımı sahəsində həyata keçirilən fəaliyyət, təqdim olunan yeniliklər barədə mediada 10-ya yaxın müsahibə vermişdir. 2020-ci ildə Milli Televiziya və Radio Şurası sosial şəbəkələrdə öz hesablarını yaratmışdır.

     

    Lisenziyaların verilməsi

    Milli Televiziya və Radio Şurasının 05 fevral 2020-ci il tarixli 2/2 saylı Qərarına əsasən “ATV PLUS” MMC “TV Texservis” MMC-nin ona qoşulması ilə əlaqədar olaraq yenidən təşkil edildiyinə və onun hüquqi varisi olduğuna görə “TV Texservis” MMC-yə Şura tərəfindən verilmiş lisenziya ləğv edilmişdir.

    Şuranın 13 may 2020-ci il tarixli 7/1 saylı Qərarına əsasən hazırda ümumrespublika yayımçısı kimi fəaliyyət göstərən ”Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin (REAL TV) müraciəti əsasında ona peyk yayımı üçün Şura tərəfindən verilmiş verilmiş lisenziya ləğv edilmişdir.

    Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq Milli Televiziya və Radio Şurasının 29 dekabr 2020-ci il 13/3 saylı Qərarı ilə “Caspian İnternational Broadcasting Company” MMC-yə (CBC TV kanalı) Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyası verilmişdir.

     

    Qanunvericilik və dövlət proqramlarının icrası sahəsində fəaliyyət

    Milli Televiziya və Radio Şurası 2020-ci il ərzində televiziya və radio yayımı ilə bağlı Azərbaycan Respublikası Qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq layihələr hazırlamış və aidiyyatı qurumlar qarşısında təkliflərlə çıxış etmişdir. Bu məqsədlə Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsi qabaqcıl Avropa ölkələrinin, Türkiyənin, Gürcüstanın, Ukraynanın, Qazaxıstanın və Rusiya Federasiyasının bu sahədə olan qanunvericilik yeniliklərini öyrənmiş, Azərbaycanın yerli xüsusiyyətləri nəzərə alınmaqla bu yenilikləri ehtiva edən layihələr təqdim olunmuşdur.

    Şuranın 05 fevral 2020-ci il tarixli 2/1 saylı Qərarına əsasən “Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci il tarixli 04/3 nömrəli qərarı ləğv edilmişdir.

    Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamının 2-ci bəndinə uyğun olaraq Şuranın 12 avqust 2020-ci il tarixli 10/1 saylı Qərarına əsasən Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3 (üç) milyon manat  vəsaitdən özəl ümumrespublika teleradio yayımçılarının (1. “Lider TV və Radio Azərbaycan” MMC, 2. “Xəzər TV” MMC, 3. “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası, 4. “ARB 24” MMC, 5. “Space Müstəqil Teleradio” MMC, 6. “Real Təhlil İnformasiya Mərkəzi” MMC) hər birinə 500000 (beş yüz min) manat ayrılmışdır.

    Azərbaycan Respublikasının 17 may 1996-cı il tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 8 may 2020-ci il tarixli 95-VIQD nömrəli Qanunun 2-ci maddəsinə əsasən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 40.2.1-1-ci maddə əlavə edilmişdir: “40.2.1-1. Azərbaycan Respublikasının Dövlət Himnini hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımlarının əvvəlində “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq səsləndirmək;”. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Dövlət Himninin hər səhər televiziya və radio yayımlarının əvvəlində səsləndirilməsinin təmin edilməsi məqsədilə yayımçılara bildiriş göndərilmiş və bunun ardınca monitorinqlər təşkil olunmuşdur.

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 213 nömrəli qərarı ilə təsdiqlənmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydaları”na uyğun olaraq ümumölkə televiziya və radio yayımçılarına bu məsələnin daim diqqətdə saxlanılması ilə bağlı tövsiyə məktubu göndərilmişdir.

    12 avqust 2020-ci il tarixdə Milli Televiziya və Radio Şurası yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 01 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında 10/2 saylı Qərar qəbul etmişdir.

    “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Fərmanına əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi ilə bağlı, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında ictimai maarifləndirmə işinin genişləndirilməsi ilə bağlı yayımçılara müvafiq tövsiyələr verilmişdir. Yayımçılardan bu sahədə görülmüş işlər barədə hesabatlar alınmış və ümumiləşdirilərək müvafiq orqanlara təqdim olunmuşdur.

    Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nda gənclik auditoriyası üçün maraq kəsb edən və müasir dövrün tələblərinə cavab verən yeni televiziya və radio layihələrinin hazırlanması vəzifəsi nəzərdə tutulmuş, buna uyğun olaraq teleradio yayımçılarına bu cür layihələrin hazırlanması barədə tövsiyələr verilmişdir. Yayımçılardan bu sahədə görülmüş işlər barədə hesabatlar alınmış və ümumiləşdirilərək müvafiq orqanlara təqdim olunmuşdur.

    Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq teleradio yayımçılarına müvafiq tövsiyələr verilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin hazırladığı sosial videoçarxlar nümayiş olunması üçün bütün ümumrespublika televiziya kanallarına göndərilmişdir. İlin sonunda ümumölkə televiziya yayımçılarından bu sahədə görülmüş işlər barədə hesabatlar alınmış və dövlət proqramının icrasına nəzarət həyata keçirən instansiyaya təqdim olunmuşdur.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli, 71s nömrəli Sərəcamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər Tədbirlər Planı” ilə bağlı teleradio yayımçılarına müvafiq tövsiyələr verilmişdir və teleradio yayımçıları tərəfindən bir sıra proqramlar  hazırlanaraq efirə verilmiş və bu barədə məlumatlar Şuraya təqdim olunmuşdur.

    Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli,1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın tələblərinə uyğun olaraq Şura tərəfindən zəruri işlər həyata keçirilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın tələblərinə uyğun olaraq teleradio yayımçılarına müvafiq tövsiyələr verilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın tələblərinə uyğun olaraq ümumölkə televiziya və radio yayımçıları ilə video-formatda sual-cavab seansları təşkil olunmuş, yayımçılara fəaliyyət planı ilə əlaqədar məsələlər izah olunmuşdur.

    “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli 87-VQ nömrəli Qanununun 12-ci maddəsinin tələbinə əsasən kanalların 2020-ci il üzrə hesabatlarının, həmçinin, dövlət proqramları ilə bağlı kanalların illik hesabatlarının, eləcə də aparılan monitorinqlər nəticəsində kanalların fəaliyyətində aşkarlanan qanun pozuntularını tam şəkildə əks etdirən hesabatın hazırlanması həyata keçirilmişdir.

    Qeyd olunmalıdır ki, televiziya kanalları tərəfindən hesabatların tam, dolğun və vaxtında verilmədiyi müəyyən edilmişdir. Bu məsələlər, kanallar tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması daim nəzarət altında saxlanılmış mütəmadi olaraq yayımçılara qanun pozuntularının aradan qaldırılması  ilə bağlı bildirişlər təqdim olunmuşdur.

     

    Monitorinqlərin təşkili və qanunvericiliyin icrasına nəzarət

    Milli Televiziya və Radio Şurası Aparatının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsində il ərzində ölkə ərazisində fəaliyyət göstərən ümumrespublika teleradio yayımçılarının mütəmadi monitorinqi aparılmışdır. Aparılan daimi monitorinqlər telekanalların fəaliyyətində hüquqa zidd məqamların aşkarlanmasına şərait yaratmışdır. Görülən işlərin nəticəsi olaraq Şura sədrinə ölkə teleməkanı barəsində mütəmadi olaraq arayışlar və müəyyən dövrlər üzrə ümumiləşdirilmiş hesabatlar təqdim edilmişdir.

    Ümumölkə telekanalların illik monitorinq nəticələrinin təhlili göstərir ki, dövlət büdcəsindən maliyyələşən AZTV, MƏDƏNİYYƏT TV, İDMAN TV, İTV-nin proqram səbətində xüsusilə maarifləndirici proqramlar, layihələr üstünlük təşkil edir. Bu yayımçıların proqram səbətində ölkə və dünya mədəniyyətinə, incəsənətinə, idmanına və s. həsr olunmuş keyfiyyətli efir materialları yer alır. Bu kanallarda yayımlanan proqramlar geniş tamaşaçı auditoriyasının zövqünü nəzərə almaqla hazırlanmaqdadır.

    Dövlət büdcəsindən maliyyələşən yayımçıların efirlərinin izlənilməsi zamanı bəzi  çatışmamazlıqlar da aşkarlanmışdır. Belə ki, “Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.10-cu maddəsinə görə, dövlət və ictimai teleradio yayımçıları tərəfindən insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin edilməlidir. Monitorinqlər zamanı yayımçıların Qanunun bu tələbinə tam şəkildə riayət etdikləri müşahidə edilmir.

    ARB 24 və REAL TV kanalları istisna olmaqla ümumölkə televiziya yayımçıları tərəfindən “Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.8-ci maddəsinin (karlar və zəif eşidənlər üçün tədris və informasiya xarakterli sosial yayımlar təşkil olunmalıdır) tələblərinə əməl edilməməsi diqqəti cəlb edir.

    12 ümumölkə televiziya kanalından 8-nin (AZTV, İTV, ARB 24, REAL TV, LİDER TV, MƏDƏNİYYƏT TV, İDMAN TV, CBC SPORT TV) efirində maarifləndirici, müzakirə və informativ xarakterli layihələr üstünlük təşkil etmişdir. Digər 4 kanalın (ATV, XƏZƏR TV, ARB və SPACE TV) efir səbətində isə maarifləndirici-informativ proqramlarla yanaşı əyləncə və şou xarakterli layihələrə də geniş yer ayrılmışdır.

    Qeyd olunmalıdır ki, il ərzində baş vermiş ictimai əhəmiyyətli hadisələri nəzərə alaraq bütün yayımçılar öz proqram səbətlərini operativ olaraq dəyişmiş və bir sıra yeniliklər həyata keçirmişlər. Buna misal olaraq televiziya və radio yayımçıları tərəfindən COVİD-19 pandemiyasına qarşı mübarizə çərçivəsində maarifləndirici-informativ yayımların həyata keçirilməsini göstərmək olar. Yayımçılar bu virusla mübarizə istiqamətində müzakirə və maarifləndirici proqramlar, sosial çarxlar nümayiş etdirmiş, qaçan sətirlə məlumatlandırma metodundan istifadə etmişlər. MƏDƏNİYYƏT TV və ARB GÜNƏŞ kanalının efirində Təhsil Nazirliyinin dəstəyi ilə teledərslərin yayımlanması xüsusi vurğulanmalıdır. Pandemiya zamanı ölkə məktəblilərinin distant (və ya onlayn) təhsilinin davam etdirməsi şəraitində belə teledərslərin onlar üçün müstəsna əhəmiyyəti olmuşdur.

    27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlanması ilə ölkə teleradio yayımçılarının proqram səbətlərində və verilişlərin formatında ciddi dəyişikliklər edilmiş, daha çox hərbi-vətənpərvərlik mövzularında yayımlara üstünlük verilmişdir. Müharibənin ilk günü Milli Televiziya və Radio Şurası ölkədə fəaliyyət göstərən teleradio yayımçılarına və subyektlərinə müraciət etmiş və onlara təqdim etdikləri informasiya və məlumatlarda, həmçinin, video reportajlarda istisnasız olaraq rəsmi mənbələrə əsaslanmalarını, daha mütəmadi və operativ informasiya təqdim etməyə çalışmalarını, efirin nikbin ruhlu hərbi-vətənpərvərlik proqramları ilə zənginləşdirilmələrini tövsiyə etmişdir. Monitorinqlər göstərmişdir ki, bütün yayımçılar bu tövsiyələrə riayət etmiş, efirdə informasiya və xəbər proqramlarının sayı xeyli artmış, əhalinin operativ və mötəbər informasiya ilə təmin olunması həllini tapmışdır. Bu dövr ərzində də qaçan sətirlə təqdim olunan informasiya növündən mütəmadi istifadə olunmuşdur.

    23 dekabr 2020-ci il tarixdə Milli Televiziya və Radio Şurasında ümumölkə televiziya kanallarının xəbər departamentlərinin rəhbərləri ilə keçirilmiş görüş zamanı Azərbaycan televiziya kanallarının müharibə dövründə fəaliyyəti ümumən müsbət qiymətləndirilmişdir. Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqları barədə materialların hazırlanmasında televiziya kanallarının müstəsna rolu qeyd olunmuşdur. 44 gün davam edən Vətən Müharibəsi zamanı vətən uğrunda həlak olmuş heç bir şəhidin diqqətdən kənarda qalmaması məqsədilə Şura və televiziya kanallarının birgə təşəbbüsü ilə şəhidlər haqqında çəkilən reportajların ümumi reyestrinin aparılması razılaşdırılmışdır. Milli Televiziya və Radio Şurasının monitorinq qrupu tərəfindən hazırlanan reyestrə televiziya kanallarında şəhidlər haqqında çəkilmiş reportaj və materiallar haqqında məlumat daxil edilir. Reyestr mütəmadi olaraq yenilənir və ilin sonuna olan məlumata görə artıq 733 şəhid barədə reportaj televiziya kanallarında yayımlanmışdır.

    İl ərzində ümumrespublika televiziya və radio kanalları tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması hallarına da yol verilmişdir.  Yayımçılar əsasən aşağıdakı qanunvericilik aktlarını və onların müddəalarını pozmuşlar:

    • “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsi (reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz);

    • “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.12-ci maddəsi (Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı zamanı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır);

    • “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 40.2.1-1-ci maddə (Azərbaycan Respublikasının Dövlət Himnini hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımlarının əvvəlində “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq səsləndirmək);

    • "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsi (televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır);

    • "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsi (sponsor reklamında "sponsor" sözünün başqa anlayışlarla əvəz olunmasına yol verilmir);

    • "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü maddəsi (radio, televiziya proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması);

    • "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.2.5-ci maddəsi (əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya);

    Ümumilikdə, aparılmış monitorinqlər göstərmişdir ki, Şura tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 2020-ci ilin ikinci yarısında televiziya və radio yayımı haqqında qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən riayət olunması istiqamətində müsbət dinamika müşahidə edilmişdir. 

    COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş sərt karantin rejimi regional yayımçıların efirinin monitorinqlərini ardıcıl şəkildə həyata keçirməyə imkan verməmişdir.

    Hesabat dövründə monitorinq məqsədilə nəzarət fonoqramı formasında televiziya və radio kanalların efir yayımlarının audio və video yazıları aparılmış və onların qanunvericiliyin tələblərinə uyğun şəkildə arxivləşdirilməsi həyata keçirilmişdir.

    Milli Televiziya və Radio Şurası Aparatının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsində may ayından etibarən əməkdaşlar arasında iş bölgüsü təkmilləşdirilmişdir ki, bu da görülən işin səmərəliliyinin artmasına imkan vermişdir. COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş sərt karantin rejimi monitorinq qrupunun iş qrafikində növbəli iş rejimi müəyyənləşdirilmişdir. Lakin bu hal monitorinq prosesinin keyfiyyətinə ciddi təsir göstərməmişdir. 

     

    Yayımçılar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirləri

    2020-ci ildə də Milli Televiziya və Radio Şurası tərəfindən teleradio yayımçılarının mütəmadi monitorinqlərinin aparılması nəticəsində qanun pozuntusuna yol vermiş yayımçılar barəsində müvafiq sanksiya tədbirləri tətbiq edilmişdir.

    Belə ki, Şuranın 20 aprel 2020-ci il tarixli 4/1 saylı Qərarın əsasən ARB televiziya kanalının efiri 6 (altı) saatlıq, 06 may 2020-ci il tarixli 5/1 və 5/2 saylı Qərarlarına uyğun olaraq ATV və LİDER televiziya kanallarının efiri 1 (bir) saatlıq, 08 may 2020-ci il tarixli 6/1 saylı Qərarına əsasən SPACE televiziya kanalının efiri 1 (bir) saatlıq, 13 may 2020-ci il tarixli 7/2 və 7/3 saylı Qərarlarına uyğun olaraq XƏZƏR və ARB televiziya kanallarının efiri 1 (bir) saatlıq, 20 may 2020-ci il tarixli 8/1 saylı Qərarına əsasən SPACE televiziya kanalının efiri 3 (üç) saatlıq, 04 avqust 2020-ci il tarixli 9/1 saylı Qərarına əsasən SPACE televiziya kanalının efiri 3 (üç) saatlıq, 14 avqust 2020-ci il tarixli 11/1 və 11/2 saylı XƏZƏR və ARB televiziya kanallarının efiri 3 (üç saatlıq), 17 avqust 2020-ci il tarixli 12/1 və 12/2 saylı ATV və LİDER televiziya kanallarının efiri 3 (üç) saatlıq müddətə dayandırlılmışdır.

    Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AZTV kanalı) barəsində 08 may 2020-ci il tarixdə inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ə 5000 (beş min) manat cərimə cəzası tətbiq edilmişdir.

     

    Beynəlxalq əməkdaşlıq

    2020-ci il ərzində teleradio yayımı sahəsində fəaliyyət göstərən bir sıra beynəlxalq qurum və təşkilatlar ilə əlaqələr davam etdirilmişdir. Hesabat dövrü ərzində xarici ölkələrdən, beynəlxalq təşkilatlardan və tənzimləyici qurumlardan Milli Televiziya və Radio Şurasına ünvanlanmış məktub və sənədlər, anket sorğular cavablandırılmış və beynəlxalq təşkilatlarla rəsmi yazışmalar aparılmışdır.

    Milli Televiziya və Radio Şurası Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əlaqələr üzrə əməkdaşları  29 may, 6 iyun və 9 iyun  2020-ci il tarixlərində COVİD-19 pandemiyası ilə əlagədar video formatda  keçirilən Yayım Tənzimliyici Orqanlarının Avropa Platformasının (European Platform of Regulatory Authorities – EPRA) 51-ci Toplantısında iştirak etmişlər.

     Milli Televiziya və Radio Şurası Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əlaqələr üzrə əməkdaşları  29 may, 6 iyun və 9 iyun  2020-ci il tarixlərində COVİD-19 pandemiyası ilə əlagədar video formatda  keçirilən Yayım Tənzimliyici Orqanlarının Avropa Platformasının (European Platform of Regulatory Authorities – EPRA) 51-ci Toplantısında iştirak etmişlər. Toplantı çərçivəsində keçirilən vebinarda “Covid-19 pandemiyası zamanı əsas bazar tendensiyaları”, “Qumar və mərc oyunlarının reklamı”, “Alqoritm dövründə plüralizmin təmin edilməsi: plüralizm və müxtəlifliyin monitorinqi üçün yeni çağırışlar” mövzuları müzakirə olunmuşdur.

    Yayım Tənzimliyici Orqanlarının Avropa Platformasının (EPRA) 52-ci Toplantısının təxirə salınması səbəbindən EPRA tərəfindən 22 oktyabr, 30 oktyabr və 20 noyabr 2020-ci il tarixlərində “Tənzimləyicilər və vətəndaşlar”, ““Böyük gözləntilər: media tənzimləyicilərinin dəyişən paradiqması”, “Rəqabət və ilkin bazar intervensiyası haqqında qanun”, “Şəffaflıq və etibar: istifadəçinin onlayn məzmun vasitəsilə naviqasiyaya baxışı” mövzularda vebinarlar keçirilmişdir. Beynəlxalq əlaqələr üzrə Şura əməkdaşları həmin vebinarlarda iştirak etmişlər

     

    COVİD-19 pandemiyası ilə əlaqədar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin yayım tənzimləyici qurumlarının forumunun (BRAF) 2020-ci ilin oktyabr ayında Yunanıstanın paytaxtı Afina şəhərində keçirilməli olan növbəti illik toplantısı, həmçinin, İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin yayım tənzimləyici qurumlarının forumunun (OİC-İBRAF) illik toplantısı ləğv olunmuşdur.

    7-9 sentyabr 2020-ci il tarixlərində Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Türkiyənin İstanbul şəhərinə səfər etmişdir. Səfərin məqsədi Azərbaycan Respublikası ilə Türkiyə Respublikasının dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı, televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis mübadilə proqramlarının hazırlanması, eləcə də texnologiya sahəsində əməkdaşlığı daha da gücləndirmək olmuşdur. Həmçinin, Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirmək sahəsində bir sıra görüşlər keçirilmiş və fikir mübadiləsi aparılmışdır.

    2020-ci il ərzində televiziya və radio yayımı sahəsində Azərbaycan Respublikası Qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq layihələrin hazırlanması  ilə  bağlı xarici ölkələrin media qanunvericiyi haqqında araşdırmalar  aparmış, müxtəlif ölkələrin qanunları tərcümə edilmiş, tənzimləmə sistemləri dərindən öyrənilmişdir.

     

    Texniki sahədə fəaliyyət

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının texniki nəzarət üzrə əməkdaşları televiziya və radio yayımı üzrə yayım sahəsində müxtəlif texniki işləri həyata keçirməklə ölkəmizdə yayımın hər üç formasına – yerüstü, kabel və peyk yayımına texniki nəzarət işlərini həyata keçirmişdir. Bu məqsədlə ölkəmizdə həyata keçirilən ümumölkə və regional televiziya və radio yayım proqramları siqnallarının fəzada yaratdığı faydalı sahə gərginliklərinin, zolaqkənarı şüalanmaların səviyyələrinin ölçülməsi, ölçmələrin nəticələrinin standart üzrə tələb olunan qiymətlərlə tutuşdurulması, alınmış nəticələrin yayımçılarla və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin və Dövlət Radiotezliklər İdarəsinin bu sahədə məsul olan texniki əməkdaşları ilə müzakirə olunaraq yayıma aid texniki parametrlərin standarta uyğun qiymətlərinin təmin olunması istiqamətində texniki işləri yerinə yetirmişdir. Televiziya və radio yayımı şəbəkələrinin işinin yaxşılaşdırılması və yeni standartların və formatların tətbiqi istiqamətində işlər aparılmışdır. Hesabat dövrü ərzində texniki sahədə fəaliyyət haqqında əsasən aşağıdakıları ayrıca qeyd etmək olar:

    Ölkəmizdə istismarda olan ümumölkə və regional radio yayımçılarına və  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə mənsub olan bütün FM radiovericilərinin siyahısı çıxarılmış və onlardan çıxışında harmonika süzgəci olmayan vericilər aşkar olunmuşdur. İnterferensiyaların azaldılması üçün harmonika süzgəcinin vacibliyi, onların radiovericinin gücündən asılı olaraq nominal qiymətləri və ümumi dəyəri radio yayımçıları ilə müzakirə olunmuş, süzgəclərin tətbiqi üçün əməli təkliflər verilmişdir.

    FM radioyayımında interferensiyaların azaldılması üçün bəzi radio-televiziya yayım stansiyalarından tezliklər dəyişdirilmişdir. Maneələr səbəbindən Daşkəsən Radio-Televiziya Yayım Stansiyasından “Media FM”, Poylu Radio-Televiziya Yayım Stansiyasından “Radio Antenn” radio yayım proqramlarının tezlikləri dəyişdirilmişdir.

    DVB-T standartı üzrə açıq (sosial) paketin yayım zonasının genişləndirilməsi məqsədilə ölkəmizin ərazisində 11 yeni azgüclü TV yayım vericisi üçün yeni tezliklər axtarılıb tapılmış, ayrı-ayrı  radio-televiziya yayım stansiyalarından istismara veriləcək bu TV vericilərin işlədiyi TV yayım kanalı göstərilməklə nominal gücləri hesablanmışdır. 

    Lisenziya əsasında ölkəmizin ərazisində fəaliyyət göstərən kabel şəbəkəsi və İPTV operatorlarının fəaliyyətinin olub-olmaması haqqında, fəaliyyəti olanların proqram paketləri haqqında məlumatlar toplanmışdır.

    “Azərspace” peyki vasitəsilə yayımlanan TV və radio proqramlarının yeni siyahısı, yayımlandığı diapazonlar, məxsus olduqları ölkələrdəki statusları əks olunan cədvəlin yeni variantı tərtib olunmuşdur. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin müraciətinə əsasən “Azərspace” peykindən yayımlanmaq üçün müqavilə bağlamaq niyyətində olan yayımçıların öz ölkələrindəki lisenziyaları, proqram tərkibi öyrənilmiş və onların “Azərspace” peykindən yayımının məqsədəuyğun olub-olmaması haqqında rəy verilmişdir. 

    Ölkə ərazisində TV yayım kanallarının səmərəli istifadə olunması istiqamətində texniki tədbirlər davam etdirilmişdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları ilə 700 MHs-dən yuxarı olan TV yayım tezliklərinin LTE xidmətləri üçün ayrılması məsələləri müzakirə olunmuş, yeni TV yayım kanalları ayrılan zaman bu prinsip nəzərə alınmışdır. Bu məqsədlə ölkəmizin ərazisində bölğələr üzrə və Bakı şəhəri və Abşeron yarımadası ərazisində istifadəyə yararlı boş olan 21...48-ci TV yayım kanalları tapılmış və onların siyahısı tərtib olunmuşdur.

    Əhalidə olan TV qəbuledicilərinin imkanlarını nəzərə alaraq, ölkəmizdə kodlanmamış yayım üzrə DVB-T2 standartınnın tətbiqinin vaxtının yetişmədiyi qərara alınmışdır. Belə ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində İTV və CBC Sport TV proqramlarının müvafiq olaraq Full HD və HD formatında DVB-T2 standartı üzrə yayımı əhalinin haqlı narazılığına səbəb olmuşdur. Nəticədə 34-cü kanalda işləyən TV vericisi yenidən DVB-T standartına keçirilmişdir.

    İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə yeni TV və FM radio yayım stansiyalarının quraşdırılması, ümumölkə yerüstü TV və radio yayım şəbəkəsinin tamamlanması üçün əhatə zonaları çıxarılmışdır. Şuşa, Hadrut, Cəbrayıl, Laçın və Kəlbəcər radio-televiziya yayım stansiyalarında istismar olunacaq TV və FM radiovericilərinin gücləri hesablanmışdır. Aparılmış işlərin nəticəsi olaraq Şuranın 29 dekabr 2020-ci il tarixli qərarları ilə Qarabağ zonasında açıq (sosial) paketdə olan televiziya proqramlarının yayımı və 3 ümumölkə radio kanalının yayımı təmin olunmuşdur.

    Ölkəmizdə açıq (sosial) TV yayım paketinin əhatə zonası ümumölkə yayımçılarına qoyulan tələbləri (ölkə əhalisinin 98%-nin TV yayımı ilə əhatə olunması) ödəmişdir. Buna baxmayaraq, televiziya tamaşaçılarının istəklərini nəzərə alaraq açıq (sosial) TV paketi üzrə yerüstü rəqəmli TV yayım şəbəkəsinin xidmət zonası daim genişləndirilir. 2020-ci ildə daha 11 yeni TV vericisi istismara verilmişdir. Milli Televiziya və Radio Şurasının Maliyyə və texniki nəzarət şöbəsi tərəfinən yeni TV vericilərinin əhatə zonası nəzərə alınmaqla onların hər birisinin gücü hesablanmış, elektromaqnit birgəliyi və monitorinqin nəticələrinə əsasən həmin TV vericiləri üçün yeni TV yayım kanalları ayrılmışdır. Ağstafa və Tovuz rayonları ərazisində efirdə maneə yaratmaq üçün istismar olunan analoq TV yayım vericilərinin rəqəmliyə keçirilərək TV yayımı üçün istifadə olunması üçün təklif verilmiş, onların hər ikisi üçün TV yayım kanalı ayrılmış, tətbiq olunacaq rəqəmli TV vercisilərinin gücü hesablanmışdır. Hazırda bu iki TV vericisi açıq (sosial) TV paketinin yerüstü rəqəmli yayımı üçün istifadə olunmaqdadır.

    Bakı şəhəri, Abşeron yarımadası və Mingəçevir şəhəri ərazisində ümumölkə televiziya və radio proqramlarının monitorinqi aparılmış və xarici televiziya və radio yayımlarının yaratdığı interferensiyaların səviyyələri ölçülmüşdür. Aparılan monitorinqin nəticələri əvvəlki monitorinqin nəticələri ilə müqayisə olunmuş, fərqlər üzə çıxarılmış və nöqsanların aradan qaldırılması üçün əməli təkliflər verilmişdir. Monitorinqin nəticələri göstərmişdir ki, ölçmə aparılmış ərazilərdə ölkəmizin televiziya proqramlarının yayımı normaldır, ölçülmüş sahə gərginlikləri minimal həddən aşağı deyildir. Bununla yanaşı, ölkəmizin ərazisində xarici ölkələrin həm televiziya, həm də radio proqramlarının geniş şəkildə yayımlanması qeyd olunmuşdur. Belə ki, İran İslam Respublikasının ərazisindən yayımlanan televiziya və radio dalğalarının yaratdıqları sahə gərginlikləri yüksəkdir və sayca çoxdur. Bu isə interferensiyaların yaranmasına səbəb olur. Müşahidə olunmuşdur ki, eyni xarici radio proqramı bir neçə xarici stansiyadan yayımlanır. İran İslam Respublikası ərazisindən amplitud modulyasiyası ilə işləyən radiovericilərin də fəaliyyət göstərdiyi aşkar olunmuşdur. Qeyd etmək lazımdır ki, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq ölkəmizin ərazisində tətbiq olunmuş karantin və sərt karantin rejimləri səbəbindən genişmiqyaslı monitorinqlərin aparılması mümkün olmamışdır.

    Yerüstü, kabel və peyk yayımı üçün istismarda olan avadanlıqların yeni siyahısı tərtib olunmuşdur. Tərtib olunmuş cədvəllərdə yerüstü TV yayımı üçün istifadə olunan kanallar, radiovericilər, onların standartları, tipi, gücü, parametrləri, TV yayımının tezliklər cədvəli, diapazonları, boş olan istifadəyə yararlı TV yayım kanallarının siyahısı öz əksini tapmışdır. 

    Bütün ümumölkə radio yayımçılarının istismarda olan radiovericilərinin siyahısı, onların xidmət zonaları və əhalini radio proqramlarla təmin etmə faizi hesablanmışdır. “Azərbaycan Radiosu” istisna olmaqla, bütün ümumölkə radio yayımçıları üçün tələb olunan əhatə zonasının (ölkə əhalisinin 98%-i) təmin olunması üçün lazım olan FM radiovericilərinin nominal gücləri hesablanmaqla sayı, sərhəd bölgələrinin əhatə olunmasının vacibliyi nəzərə alınmaqla yerləşməli olduqları radio-televiziya yayım stansiyalarının adları müəyyən olunmuşdur. Bu zaman ölkə əhalisinin 98%-ni əhatə emək üçün hər yayımçıdan tələb olunan məsrəflərin orta qiymətləri də hesablanmışdır. Aparılan hesabatların nəticələri ümumölkə radio yayımçıları ilə müzakirə olunmuş və hədəflər seçilmişdir.

    Televiziya yayımında səsin ucalığının vaxtaşırı və ya proqramdan-proqrama dəyişməsi məsələləri, keyfiyyətli TV verilişlərinin verilməsi üçün parametrlərin standart qiymətlərinin gözlənilməsi problemi TV yayım şirkətlərinin, kabel operatorlarının və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin texniki direktorları ilə müzakirə olunmuş və işçi komissiya yaradılmışdır. Komissiya tərəfindən SD formatı üçün SMPTE 259M və HD formatı üçün isə SMPTE292M standartlarındakı parametrlər əsas kimi seçilmiş və dəqiqləşdirmələrdən sonra səs və video parametrlərinin standart qiymətləri cədvəlləri təttib olunmuşdur.

     

    Kargüzarlığın təşkili və elektron xidmətlər

    Milli Televiziya və Radio Şurası Aparatının Ümumi sektoru Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair” Təlimatı və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq 2020-ci il ərzində müvafiq sənədləşmə işlərini aparmışdır.

    2020-ci il ərzində Milli Televiziya və Radio Şurasına 700 sənəd daxil olmuşdur. Daxil olan sənədlərdən 135-i vətəndaş müraciətləri, 176-ı normativ hüquqi sənədlər, 59-u Azərbaycan Nazirlər Kabinetindən və Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasından məlumat, tapşırıq və tövsiyə xarakterli sənədlər, digərləri isə mərkəzi icra hakimiyyəti orqanlardan və digər təşkilatlardan daxil olan müxtəlif xarakterli sənədlərdir.

    2020-ci il ərzində Milli Televiziya və Radio Şurası tərəfindən ölkənin ayrı-ayrı nazirlik, idarə, təşkilatlarına, hüquqi və fiziki şəxslərinə göndərilən 405 sənəd hazırlanmışdır. Bunlardan 48-i yayımçılara tövsiyə və tapşırıq xarakterli, 123-ü vətəndaş müraciətlərinə cavab, digərləri müxtəlif xarakterli sənədlərdir.

    Milli Televiziya və Radio Şurası Aparatının Ümumi sektoru 2020-ci ildə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin www.reyerstr.dim.gov.az internet resursu vasitəsilə Aparatın dövlət qulluqçularının reyestrini və www.exidmet.dim.gov.az/VIS internet resursu vasitəsi ilə dövlət qulluğu vəzifələrinin idarəedilməsi sistemində müvafiq işlər aparmışdır. Həmçinin kadrların işə qəbulu üzrə www.e-gov.az internet resursu üzrə elektron sənədləşmə işləri həyata keçirilmiş və idarələrarası elektron sənəd dövryyəsi vasitəsilə daxil olan sənədlər qəbul olunmuş və göndərilmişdir.

     

     

     

     

Yuxarı ^