27 sentyabr 2016-cı il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclasında rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunmuşdur.

İclasda Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilmişdir.

Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər  müvafiq qurumlara, eyni zamada Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilmişdir.