Milli Televiziya və Radio Şurası yeni televiziya kanalının açılması üçün müsabiqəyə yekun vurmuşdur.

14 mart 2014-cü il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda Milli Televiziya və Radio Şurasının 14 yanvar 2014-cü il tarixli qərarı ilə ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş "Brand in Baku” MMC, “Fatiyev Company” MMC, "Region TV" MMC-nin sənədlərinə baxılmış, müsabiqənin nəticələri müzakirə edilmişdir.

Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15, 19, 22-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.6, 9.6-cı bəndini, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında2 Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanın 33.1-ci bəndini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Region TV" MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqənin qalibi elan etmiş və ona 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla ümumrespublika televiziya  yayımı üçün 6 (altı) il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

İclasda həmçinin "ANS" telekanalında yayımlanan "Adam içində", "ATV" telekanalında yayımlanan "Ümid var" və "Space TV" kanalında yayımlanan "Üz-üzə" verilişlərində milli-mənəvi dəyərlərə zidd, əxlaq normalarına uyğun olmayan mövzuların müzakirəyə çıxarılması və bununla bağlı süjetlərin yayımlanması müzakirə edilmişdir. Bu tipli verilişlərin yayımlanmasının ictimaiyyət arasında haqlı narazılığa səbəb olduğu vurğulanmış, insanların şəxsi və ailə həyatı ilə bağlı olan, ümumilikdə isə Azərbaycan cəmiyyəti və mənəviyyatı üçün səciyyəvi olmayan bəzi neqativ faktların şişirdilərək təkrar-təkrar gündəmə gətirilməsi yolu ilə şou yaradılması və süni reytinq qazanmaq cəhdlərinin həm qanunvericiliyin tələbinə, həm də əxlaq normalarına zidd olduğu qeyd edilmişdir. Milli Televiziya və Radio Şurası tərəfindən telekanal rəhbərlərinə gələcəkdə öz proqram siyasətlərini tənzimləyərkən cəmiyyətdə formalaşmış ictimai rəyin nəzərə alınması, bu cür hallara daha həssaslıqla yanaşılması tövsiyə edilmişdir.