Milli Televiziya və Radio Şurasında "Elektron Media: Dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.

21 aprel 2010-cu il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasında "Elektron media: Dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasından, Azərbaycan Respublikasının Milli Məclisindən, jurnalist Birliklərindən, QHT-lərdən, xəbər agentlikləri və mətbuat nümayəndələri iştirak etmişdir. Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi Məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov, millət vəkilləri, Fazil Mustafayev, Qənirə Paşayeva və başqaları çıxış etmişlər. 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai Siyasi Məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək qeyd etmişdir ki, Milli Televiziya və Radio Şurası çalışsa da, bazar iqtisadiyyatında hər zaman televiziyaların maddi ehtiyacları ilə cəmiyyətin ictimai tələbləri arasında məqamların üst-üstə düşmür. O televiziyanın bütün dövlətlərdə cəmiyyət həyatının aparıcı vasitəsi olduğunu qeyd etmiş və gələcək nəsillərin sağlam, milli mənəvi dəyərlərlə zəngin görülməsi, Azərbaycan mentalitetini dönmədən, inkişaf etdirərək cəmiyyətimizin ayrılmaz bir hissəsinə çevrilməsi, ictimai davranış normalarını getdikcə yüksəldilməsi üçün, teleradio fəaliyyətinə, efirə cəmiyyətin ən nümunəvi insanların gətirilməsinin vacibliyini vurğulamışdır. 

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Azərbaycan Respublikasında teleradio yayımı sahəsində mövcud vəziyyət barədə geniş məlumat vermişdir.  Şura sədri şuraya verilən səlahiyyət çərçivəsində yaranmış vəziyyətdən çıxış yollarından biri kimi mədəniyyət kanalının yaranmasının məqsədəuyğun olduğunu bildirmişdir. Şuranın özəl kanalların yaradıcılıq işlərinə qarışa bilmədiyini və onlara qarşı daha böyük tədbir görmək imkanının yeni mədəniyyət kanalının yaradılması olduğunu bildirmişir. Şura sədri mədəniyyət kanalının açılmasının yeni televiziya kanalının yaranması demək olduğunu, bununla da reklam bazarında yeni problemlərin yaranacağını bildirmişdir. Şura sədri özəl kanalların bu məsələdə üzərlərinə düşən işləri yerinə yetirmədiyindən Şuranın ayrıca mədəniyyət kanalının açılması barədə düşündüyünü qeyd etmişdir. 

Konfransda elektron medianın dövlət tərəfindən tənzimlənməsi və elektron mediaya ictimai nəzarətin zəruriliyi iştirakçılar tərəfindən geniş müzakirə edilmişdir.