Milli Televiziya və Radio Şurasında "Azadlıq" radiosunun nümayəndələri görüş keçirilmişdir.

Milli Televiziya və Radio Şurasında "Azadlıq" radiosunun prezidenti Cefri Gedmin və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Şura sədri Nuşirəvan Məhərrəmov qonaqlara bir daha Şuranın xarici radiostansiyalarla bağlı qəbul etdiyi qərarlar barədə məlumat verdi. Şura sədri  Azərbaycan Respublikasında mətbuat qıtlığının mövcud olduğu dövrlərdə - 90-cı illərin əvvəllərində "Azadlıq" radiosunun rolunu yüksək qiymətləndirdiyini, buna görə də "Azadlıq" radiosu ilə əməkdaşlığa xüsusi önəm verdiyini və qarşılıqlı əməkdaşlıqdan hər iki tərəfin faydalanacağına ümid etdiyini bildirdi. 

"Azadlıq" radiosunun prezidenti "Azadlıq" radiosunun ABŞ Konqresi tərəfindən maliyyələşdirildiyini və ABŞ Konqresinin Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirdiyini bildirdi. O rəhbərlik etdiyi qurumun mətbuat və media azadlığını dəstəklədiyini qeyd etdi. Şura sədri "Azadlıq" radiosunun rəhbərliyini maraqlandıran sualları cavablandırdı. Görüşdə Milli Televiziya və Radio Şurası ilə "Azadlıq" radiosu arasında olan əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparıldı.