Milli Televiziya və Radio Şurasında bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilmişdir.

Yayım operatorları ilə silsilə tədbirlər çərçivəsində 2021-ci il iyulun 8-də Milli Televiziya və Radio Şurasında bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Şura aparatının rəhbəri Fazil Novruzov qonaqlara yeni “Media haqqında” qanun layihəsi barədə məlumat vermiş, qanun layihəsində audiovizual media sahəsi ilə bağlı yenilikləri diqqətə çatdırmışdır.

Daha sonra Aparat rəhbəri kabel və İPTV yayımı sahəsində əqli mülkiyyət məsələləri ilə bağlı mövcud problemlərdən danışmış, bu kimi məsələlərin ölkəmizin reytinqinə mənfi təsir göstərməsini qeyd etmişdir. Fazil Novruzov son zamanlar media sahəsində həyata keçirilən islahatların davamı olaraq audiovizual mediada əqli mülkiyyətin qorunması tədbirlərinin gücləndirilməsinin zəruriliyini vurğulamışdır.

Görüşdə həm kabel opertorlarının, həm müvafiq dövlət qurumlarının birgə səyi və daha geniş maarifləndirmə fəaliyyəti nəticəsində qısa bir zamanda bu problemləri dünya təcrübəsinə əsaslanaraq həllinin mümkünlüyü bildirildi. Kabel operatorlarının diqqətinə çatdırıldı ki, 01 avqust 2021-ci il tarixdən etibarən Milli Televiziya və Radio Şurası xarici televiziya kanallarının retranslyasiyasına hüquq verən müvafiq müqavilə olmadan həmin kanalların operatorların yayım paketlərinə daxil edilməsinə görə kabel (həmçinin İPTV) yayımçılarına qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirləri həyata keçirəcəkdir.

Daha sonra görüşdə yeni qanun layihəsi və əqli mülkiyyətlə bağlı kabel operatorlarının nümayəndələrinin müxtəlif sualları cavablandırıldı, yayım operatorluğu fəaliyyəti ilə əlaqədar bir sıra məsələlər ətrafında müzakirələr aparıldı.

Milli Televiziya və Radio Şurasında növbəti həftə ərzində digər kabel yayımçılarının nümayəndələri ilə də belə görüşün keçirilməsi planlaşdırılır.