İstanbulda Türk Şurasına üzv və müşahidəçi dövlətlərin müvafiq qurumları üçün sosial media üzrə təlim proqramı keçirilir.

Bugün İstanbulda Türkiyə Respublikasının Prezidenti yanında Kommunikasiya İdarəsi və Türk Şurasının Katibliyinin təşkilatçılığı ilə "Sosial media üzrə təlim proqramı" öz işinə başlamışdır.

Təlim proqramının əsas məqsədi sosial mediadan istifadə, sosial media platformaları ilə əlaqələr, sosial medianın hüquqi tənzimlənməsi, dezinformasiya ilə mübarizə və əlaqəli sahələrin böhran vəziyyətində idarə edilməsi barədə bilik səviyyəsinin artırılmasına yönəlmişdir. Bundan başqa, proqram eyni sahədə fəaliyyət göstərən üzv ölkələrin təşkilatları arasında səmərəli əməkdaşlıq mexanizmlərinin və kommunikasiya şəbəkəsinin yaradılmasını da nəzərdə tutur.

Tədbir zamanı dezinformasiya dövlətlərin təhlükəsizliyinə təhdid kimi; internet və sosial media haqqında qanunvericilik; dezinformasiyanın yayılması və dezinformasiyaya qarşı mübarizə alətləri; Qarabağ zəfərində social mediadan istifadə və dezinformasiya ilə mübarizə; social mediadan istifadə və dezinformasiya ilə mübarizə sahəsində cəmiyyətin maarifləndirilməsi kimi mövzularda müzakirələr aparılacaqdır.

Milli Televiziya və Radio Şurasından tədbirdə Şura aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov iştirak edir. Tədbir iki gün davam edəcəkdir.