Milli Televiziya və Radio Şurasının təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəyə yekun vurulmuşdur

Bugün Milli Televiziya və Radio Şurasının iclasında təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan edilmiş müsabiqəyə yekun vurulmuşdur.

Milli Televiziya və Radio Şurasının 2021-ci il iyunun 7-dən iyulun 7-dək ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması ilə bağlı (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV yayım kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) elan etdiyi müsabiqə üçün 6 iddiaçı ("APA Mark" MMC, "Təhsil TV" MMC, "Balans Studiyası" MMC, "İNS ÇM" MMC, "İsti Press" MMC və "Medical Media" MMC) sənədlərini təqdim etmişdir.

Həmin sənədləri araşdırmaq, həmçinin, iddiaçıların məkanında baxış keçirərək sənədlər üzrə tədqim olumuş məlumatların həqiqətə uyğunluğunu yoxlamaq, habelə ümumölkə televiziya kanalının açılması üçün zəruri iqtisadi, texniki, yaradıcı və kadr potensialının mövcudluğunu öyrənmək məqsədilə Şura tərəfindən müsabiqə komissiyası təşkil olunmuşdur. Müsabiqə komissiyası həm sənədlərlə tanışlığın, həm də yerində baxışın nəticəsi ilə bağlı Şuraya hər bir iddiaçı barədə arayış təqdim etmişdir.

Milli Televiziya və Radio Şurasının iclasında təqdim olunmuş arayışlar əsasında geniş müzakirələr aparılmışdır. Müəyyən edilmişdir ki, bəzi iddiaçıların təqdim etdiyi sənədlərdə göstərilmiş texniki və yaradıcılıq imkanları, o cümlədən, kadr potensialı barədə məlumatlar yerində baxış zamanı öz təsdiqini tapmır, bəzi iddiaçılarda yayım üzrə təqdim olunmuş proqram konsepsiyası müsabiqə şərtlərinə (ixtisaslaşma sahəsinə) uyğun gəlmir, bəzi iddiaçılarda isə ümumölkə televziya yayımının təşkil olunması üçün texniki-iqtisadi göstəricilər qənaətbəxş deyildir. Bununla da, Şura, heç bir iddiaçıda təhsil, elm və maarifləndirmə janrlı ümumölkə televiziya kanalının fəaliyyəti üçün müvafiq potensialın olmadığı qənaətinə gəlmişdir.

Milli Televiziya və Radio Şurası qeyd olunanları nəzərə alaraq, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ nömrəli Qanununun 18.4.1-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.6-cı bəndini rəhbər tutaraq müsabiqənin yekunlarına görə qalib seçilmədiyi üçün iddiaçılara xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunması barədə qərar qəbul etmişdir.